Özbəkistan və Azərbaycan Avrasiyanın fərqli coğrafi nöqtələrində yerləşsə də, onların iqtisadi inkişaf trayektoriyaları getdikcə yaxınlaşır. Mərkəzi Asiya ümumilikdə qitənin ən sürətlə inkişaf edən investisiya məkanlarından birinə çevrilir. Son bir ildə region daxilində qarşılıqlı ticarətin həcmi 10,7 milyard ABŞ dollarına çatıb, ümumi investisiyalar isə 17% artıb. Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları 6%-dən yüksək artım nümayiş etdirir ki, bu da inkişaf etmiş bazarların göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. Özbəkistan xüsusilə diqqətçəkən nəticə əldə edib: 2025-ci ildə ölkənin ÜDM-i 7,4% artıb, 2026-cı il üçün isə 6,8%-lik artım proqnozlaşdırılır.
Azərbaycan bu regional dinamikanın əsas iştirakçılarından biridir. Xəzər dənizi üzərindən formalaşan infrastruktur ixrac potensialını gücləndirir, enerji və nəqliyyat dəhlizləri regionu Avropa ilə birləşdirir, logistika sahəsinə yönələn investisiyalar isə kapitalın hərəkəti üçün yeni marşrutlar yaradır. Söhbət iki ölkənin paralel inkişafından deyil, onların vahid investisiya ekosisteminə inteqrasiyasından gedir.
İdeyadan sistemə doğru
Tarixi yaxınlıq və mədəni bağlılıqla birləşən Özbəkistan–Azərbaycan münasibətləri getdikcə daha çox praktik iqtisadi müstəviyə keçir. 2025-ci ildə iki ölkə arasında həyata keçirilən birgə layihələrin sayı və həcmi 2024-cü illə müqayisədə 20–30% artıb. İki dövlət arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması hədəflənir və sənaye kooperasiyasına dair proqramlar artıq imzalanıb.
Lakin söhbət ayrı-ayrı təşəbbüslərdən getmir. Özbəkistan və Azərbaycan hər iki ölkənin müəssisələri arasında layihələrin həyata keçirilməsi məqsədilə ümumi həcmi 10 milyard ABŞ dolları olan birgə investisiya paketinin formalaşdırılması üzərində işləyirlər. Bu, investisiya əməkdaşlığının sistemli modelinə keçidi nəzərdə tutur: vahid investisiya layihələri portfelinin yaradılması, dövlətlərarasımexanizmlər və yol xəritələri vasitəsilə koordinasiya, müntəzəm biznes forumları və regionlararasıəməkdaşlıq formatlarının təşkili.
Bu proseslərin davamlılığını siyasi dəstək təmin edir. Hökumətlərarası komissiyalar, biznes şuraları və dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri uzunmüddətli investisiya gündəliyini formalaşdıraraqideyaların konkret layihələrə çevrilməsinə şərait yaradır. Əməkdaşlıq dövlət qurumları ilə biznes nümayəndələri arasında davamlı dialoq, eləcə də birgə tədbirlər və işçi platformaları vasitəsilə sistemli şəkildə inkişaf etdirilir.
Dövlət kapitalı siyasətin aləti olaraq
Bu kontekstdə 2023-cü ildə iki hökumət Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətini (AÖİŞ) yaratdı. Bu, simvolik bir addım deyil, dövlət kapitalının səmərəli idarə olunması üçün nəzərdə tutulmuş praktik investisiya alətidir. Şirkətin nizamnamə kapitalı konkret olaraq 500 milyon ABŞ dolları həcmində müəyyən edilib.
AÖİŞ hər iki ölkənin iqtisadi prioritetlərinə uyğun layihələrə investisiya yatırır. Bunlara idxalın əvəzlənməsi, emal sənayesinin inkişafı, yüksək texnologiyalı istehsalın genişləndirilməsi və digər strateji əhəmiyyətli sahələr daxildir. Bununla yanaşı, şirkət inzibati qurum kimi deyil, riskləri qiymətləndirən və maliyyə intizamına əsaslanan peşəkar investor kimi fəaliyyət göstərir.
Məhz bu xüsusiyyət AÖİŞ-i fərqləndirir. Çünki dövlət kapitalı hər zaman özəl investor məntiqi ilə fəaliyyət göstərmir. AÖİŞ isə portfel şirkətlərinin direktorlar şuralarında təmsil olunur, ali rəhbərliyin təsdiqində iştirak edir və maliyyə göstəriciləri üzrə konkret hədəf və əmsallar müəyyən edir. Bu yanaşma dövlət investisiyalarının yalnız maliyyələşdirmə funksiyası daşımamasını, eyni zamanda korporativ idarəetmə və uzunmüddətli dəyər yaradılması prinsiplərinə söykənməsini təmin edir.
Portfel nəticələrin göstəricisi olaraq
AÖİŞ-in investisiya portfelinin ümumi həcmi təxminən 144 milyon ABŞ dollarına çatıb. Bu rəqəm təkcə artıq yatırılmış vəsaitlərin həcmini deyil, həm də şirkətin fəaliyyət dinamikasını əks etdirir. İnvestisiyalar uzunmüddətli inkişaf məqsədləri nəzərə alınmaqla Özbəkistan və Azərbaycanda istehsal, təhsil və səhiyyə sahələrində həyata keçirilən layihələrə yönəldilir.
Prioritet iqtisadiyyata əhəmiyyətli töhfə vermək və ikitərəfli əməkdaşlığı gücləndirmək potensialına malik layihələrə verilir. Bu yanaşmanın praktikada necə həyata keçirildiyini bir neçə nümunə üzərindən görmək mümkündür:
- Daşkənddə fəaliyyət göstərən American University of Technology universitetinə investisiyadan sonra şirkət beynəlxalq investorlar və təcrübəli xarici operatorla tərəfdaşlıq çərçivəsində beynəlxalq məktəbin yaradılması imkanlarını nəzərdən keçirir. Layihə müasir təhsil infrastrukturunun inkişafına və yeni nəslin peşəkar kadrlarının hazırlanmasına xidmət edir.
- AÖİŞ Azərbaycanda şaquli inteqrasiya olunmuş avtomobil holdinqi ilə birgə həyata keçirilən yeni avtomobil zavodunun tikintisinə investisiya yatırır. Layihə yerli istehsalın genişləndirilməsinə, idxalın əvəzlənməsinə və Azərbaycanla Özbəkistan arasında sənaye kooperasiyasının inkişafına töhfə verməyi hədəfləyir.
- Şirkət investorlar konsorsiumu ilə birlikdə çoxprofilli klinikanın tikintisinə əhəmiyyətli həcmdə investisiya yatırmağı planlaşdırır. Bu layihə regionun əsas tibb mərkəzlərindən birinin yaradılmasına və əhalinin müasir tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
- Digər istiqamətlərdən biri Özbəkistanda qiymətli və nadir torpaq metalları yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə tərəfdaşlıq layihəsidir. Layihənin ölkənin xammal bazasının genişlənməsinə və sənaye potensialının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
500 milyon ABŞ dolları niyə əhəmiyyətlidir?
500 milyon ABŞ dolları həcmində nizamnamə kapitalı Mərkəzi Asiya regionunda fəaliyyət göstərən dövlət investisiya aləti üçün kifayət qədər əhəmiyyətli göstəricidir. Bu kapital hər bir layihəyə 1 milyon ABŞ dollarından 25 milyon ABŞ dollarınadək investisiya yatırmağa imkan verir ki, bu da müxtəlif risk profillərinə malik onlarla təşəbbüsdən ibarət geniş portfelin formalaşdırılması deməkdir. Söhbət ayrı-ayrı investisiyalardan deyil, davamlı fəaliyyət göstərən institusional investisiya mexanizminin yaradılmasından gedir.
Dövlət kapitalı adətən özəl investor prinsipləri ilə fəaliyyət göstərmir. AÖİŞ isə dövlət kapitalının real iqtisadi artımın maliyyələşdirilməsində nə dərəcədə effektiv alətə çevrilə biləcəyini nümayiş etdirir.
Şirkət uzunmüddətli strategiyaya, maliyyə dayanıqlığına və nəticəyönümlü idarəetmə prinsiplərinə əsaslanan peşəkar investisiya oyunçusu modelini formalaşdırır. Bu yanaşma yalnız kapital qoyuluşunu deyil, həm də investisiya edilən layihələrin səmərəliliyinə, korporativ idarəetməyə və dayanıqlı inkişafına sistemli nəzarəti nəzərdə tutur. Beləliklə, AÖİŞ dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq hər iki ölkədə iqtisadi transformasiyanın sürətlənməsinə töhfə verir.