Mərkəzi Asiya Avrasiyanın ən sürətlə inkişaf edən investisiya platformalarından birinə çevrilir. Son bir il ərzində regionda qarşılıqlı ticarətin həcmi 10,7 milyard ABŞ dollarına çatıb, ümumi investisiyalar isə 17% artıb.
Regionun beynəlxalq rolu da güclənir. “Mərkəzi Asiya +” formatında əməkdaşlıq daha sistemli şəkildə inkişaf edir, ölkələr nüfuzlu beynəlxalq platformalarda getdikcə daha çox razılaşdırılmış mövqedən çıxış edirlər. Azərbaycanın bu formata qoşulmasının regionun qlobal ictimaiyyətdə səsini daha da gücləndirəcəyi gözlənilir.
Özbəkistan və Azərbaycan arasında ikitərəfli münasibətlər də yeni mərhələyə qədəm qoyur. Makroiqtisadi göstəricilərin təhlili ikitərəfli əməkdaşlığın davamlı müsbət dinamikasını nümayiş etdirir. Son səkkiz il ərzində Özbəkistan 120 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb edib. 2026-cı ildə ölkə əlavə olaraq 50 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır. Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur sənaye kooperasiyası proqramları artıq imzalanıb.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (AÜİK) artıq regionda bir sıra investisiya təşəbbüsləri həyata keçirir. Şirkət rəqəmsal infrastruktura 1,7 milyon ABŞ dolları, ali təhsilə 2 milyon ABŞ dolları, pərakəndə ticarətə isə 15 milyon ABŞ dolları investisiya yatırıb. Daha 15 layihə isə aktiv işlənmə mərhələsindədir.