Skip to content Skip to sidebar Skip to footer

AUİK investorlarla dialoqu SuperReturn Japan 2025-də genişləndirir

Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti (AUİK) SuperReturn Japan 2025 investisiya konfransında iştirak edərək öz investisiya strategiyasını təqdim edib və beynəlxalq investorlarla bir sıra ilkin razılaşmalar əldə edib.

Şirkətin investisiya prioritetlərinə dair icmal təqdim edərkən, AUİK-in baş icraçı direktoru Nazim Hacıyev bildirib ki, şirkət emal sənayesi, nəqliyyat və logistika, energetika, səhiyyə, eləcə də fintex və İT sahələrində layihələrə fokuslanır.

“Məqsədimiz 500 milyon ABŞ dolları həcmində kapitalı Azərbaycan və Özbəkistan iqtisadiyyatları üçün maksimum fayda ilə səmərəli şəkildə investisiya etməkdir”, – deyə qeyd edib.

Konfrans çərçivəsində birbaşa sövdələşmələr, investisiyaların ikinci dərəcəli bazarı, özəl kreditləşmə, ESG, enerji keçidi layihələri, habelə Asiya bazarlarında risklərin idarə edilməsi məsələləri müzakirə olunub.

SuperReturn Japan 2025 çərçivəsində AUİK ailə kapitalını idarə edən investisiya strukturları (family office-lər), biznes qurumlarının nümayəndələri və maliyyə-investisiya qrupları ilə bir sıra görüşlər keçirib. Görüşlər zamanı birgə investisiya imkanları, kapitalda iştirak və transsərhəd investisiya imkanları üzrə mümkün formatlar müzakirə olunub. Şirkət bu cür əməkdaşlığın inkişafını investisiya portfelinin genişləndirilməsi və beynəlxalq tərəfdaşların iştirakı ilə Özbəkistan və Azərbaycanda layihələrin həyata keçirilməsi üçün mühüm alətlərdən biri kimi qiymətləndirir.

Səfər çərçivəsində AUİK nümayəndə heyəti Kitahara qrupuna məxsus tibbi müəssisələri, o cümlədən Kitahara Hospital, klinikaları və reabilitasiya mərkəzini ziyarət edib. Tərəflər səhiyyə sahəsində investisiya əməkdaşlığı imkanlarını müzakirə ediblər.

Səfərin yekununda AUİK və Kitahara birgə investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

Daha əvvəl bildirildiyi kimi, AUİK-in investisiya portfeli 80 milyon ABŞ dollarını ötüb və şirkətin layihələri artıq həm Özbəkistanda, həm də Azərbaycanda icra olunur. Təşəbbüslər sənaye, logistika, aqrar emal və energetika sahələrini əhatə edərək iki ölkə arasında birgə iqtisadi layihələrin inkişafına töhfə verir. Şirkət 2023-cü ildə 500 milyon ABŞ dolları məbləğində nizamnamə kapitalı ilə birgə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə yaradılıb.