Xarici kapital Azərbaycanın investisiya fəallığında mühüm yer tutmaqda davam edir.
2026-cı ilin birinci yarısında xarici mənbələr hesabına əsas kapitala yatırılan investisiyalar 2,4 milyard manat (təxminən 1,4 milyard ABŞ dolları) təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.
Xarici mənbələrin əsas kapitala yönəldilən ümumi investisiyalarda payı 25,8% olub. Bu göstərici illik müqayisədə 1 faiz bəndi artıb.
Ümumilikdə, yanvar–iyun aylarında Azərbaycanın əsas kapitalına 9,3 milyard manat (təxminən 5,5 milyard ABŞ dolları) investisiya yönəldilib ki, bu da real ifadədə 13,8% artım deməkdir.
İnvestisiyalar həm neft-qaz, həm də qeyri-neft-qaz sektorlarında artıb: neft-qaz sənayesinə 3,2 milyard manat (+34,3%), qeyri-neft-qaz sektoruna isə 6,1 milyard manat (+5,5%) yönəldilib.
Beləliklə, ölkə iqtisadiyyatına yatırılan investisiyaların əsas hissəsi qeyri-neft-qaz sektorunun payına düşür, xarici kapital axını isə artmaqda davam edir.